Dağların əhatəsində yerləşən, evlərinin quruluşuna görə ən unikal kəndlərdəndir Xınalıq. Burada evlər o qədər iç-içədir ki, birinin damı o biri evin həyətidir. Yerli dildə kəndin adı Kətişdir. Xınalıq kəndi rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də Xınalığa gedib-gəlmək o qədər də asan olmurdu. Amma bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdi. 

Dağ adamları çox qonaqpərvər, gülərüz olurlar. Xınalığın ən əsas gözəlliklərindən biri də bu mehriban və zəhmətkeş insanlarıdır. Hansı qapını döysəniz, sizi sevə-sevə qonaq edəcəklər və özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bundan başqa, Xınalıqda 25-ə qədər ailə (şəxsi evlərdə) turist qəbul edir. İl ərzində kəndə təxminən 250-300 turistə (xarici ölkə vətəndaşlarına) şəxsi evlərdə xidmət göstərilir. Xınalıqda bələdçilik xidməti də inkişaf edib.