Yay mövsümündə qonaqlı-qaralı olan Göygöl rayonunun yarıdan çox kəndi Göygöl Milli Parkına yaxın ərazidə yerləşir. Yeni Zod, Aşıqlı, Toğanalı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar və sair kəndlərdə yay istirahətini keçirənlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər. Bəzən bu kəndlərə 80-100 min qonaq gəlir. 

Rayonda ən çox turist qəbul edən Aşıqlı kəndidir. Aşıqlı kəndində 400-dən artıq ev var. Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər.

Toğanalı kəndi, Hacıkənd qəsəbəsi isə Göygölün olmazsa olmazlarındandır. Bu yerlərdə xamalı kətə, qozlu kofe içməmisinizsə, demək ki, Göygöldə olmamısınız.