
Quba qədim tarixə malik rayonlarımızdan biridir. Gəzməli-görməli yerləri, tarixi abidələri, dağları, mətbəxi ilə turistlərin ən çox üz tutduqları rayonlardandır. Xüsusən də Bakıya yaxınlığına görə (168 km) çox rəğbət görür.
Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr və kurqan, o cümlədən İskəndərtəpə və Şiştəpə kurqanları, kəndin ətrafında Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl I minilliyə, tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində Gültəpə, Çarıqtəpə və Pirtəpə kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, gümbəzli hamam vardır.
Bundan başqa rayonun Zıxır kəndində Yeddilər qalası, Alpan kəndində Alpan şəhərgahı, Digah kəndində Salmantəpə, İbrahimxəliltəpə, İlanlıdərə qədim yaşayış məskənləri, Xucbala kəndində Xucbala nekropolu, Qartal təpəsi, Quba şəhərinin ətrafında Sandıqtəpə, Çartəpə kəndində Qayatəpə qədim yaşayış məskəni, Rustov kəndində Günaytəpə və nekropollar, Söhüb kəndində qədim qala və yeraltı yol, bundan başqa rayon ərazisində çoxlu sayda məscid və türbələr, arxeoloji abidələr, qüllələr və müxtəlif tarixi abidələr mövcuddur.
İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı Qəsəbə, Qonaqkənd, Zərdabi qəsəbələri, Birinci Nügədi, İkinci Nügədi, Alpan, Alekseyevka, Vladimirovka, Amsar, Digah, Timiryazev, Qəçrəş kəndləridir.