28 yaşı var. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisasında bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb. Dövlət qulluqçusudur. Boş vaxtlarını demək olar ki, tamamilə səyahətə ayırır, səyahət etmək onu ən çox xoşbəxt edən məşğuliyyətlərdəndir. Aktiv olaraq səyahətə 2017-ci ildə İtaliya turu ilə başlayıb, bu günə qədər 34 ölkə və 80-dən çox şəhərdə olub. Ən çox sevdiyi ölkə İtaliya və İspaniyadır. Növbəti illərdə Cənubi Amerika və Afrika ölkərinə səyahətlər planlayır. Ölkəmizin bir çox rayonlarını, təbii qoruqlarını, dağlarını və s. gəzib. Təbiətə aktiv yürüyüş etmək, kamp qurmaq, ölkəmizin hündür dağ zirvələrinə qalxmaq onun üçün əvəzsiz istirahət növlərindəndir.

Həm xarici, həm daxili turizm sahəsində 6 ilə yaxın təcrübəsi var. Əsas məqsədi Azərbaycanın az tanınan amma böyük turizm potensialı olan yerləri tanıtmaqdır. O, Azərbaycanın ən tanınmış ustaları ilə müxtəlif milli mövzularda masterclass-lar təşkil edir. Azərbaycanın milli və mədəni irsi, ənənələri, həmçinin ən gözəl guşələri haqqında ingilis dilində bir sıra məqalələri dərc olunub.

Peşəsi texniki həllər üzrə mühəndis olan Kəmalənin ən böyük hobbisi fotoqraflıqdır. Elə bu həvəsi də 2020-cu ilin sonlarından instagramda açıq kütləyə çıxmasına səbəb olmuşdur. Məqsədi gedib gördüyü yerləri çəkib insanlara çatdırmaqdır.

Türkiyənin ən tanınmış universitetlərindən olan Yıldız Teknik Universiteti məzunudur və hal-hazırda rəqəmsal marketinq mütəxəssisi olaraq çalışır. Yolda olmaq onun üçün azadlıqdır. Bu səbəbdən səyahət etməyi, yeni insanlar tanımağı çox sevir. Dünyanın fərqli rəng çalarlarını kəşf edən Şəbnəm öyrəndikləri ilə də izləyicilərinin həyatına kiçik toxunuşlar edir.

Kərimova Rəna (Adama gəzmək qalır) Gürcüstan Respublikasında anadan olub. İxtisasca filoloqdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr və magistr pillələri üzrə bitirib. Hazırda TƏBİB-də İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışır. Bloger fəaliyyəti ilə 2019-cu ildən fəaliyyət göstərir. Daha öncə isə turizm dərgisi olan “Discovery Azerbaijan” jurnalında müxbir və direktor vəzifələrində çalışıb. 39 ölkədə, 100-dən çox şəhərdə olub. Kitab oxumağı, film izləməyi, təbiət yürüşlərinə qatılmağı, foto çəkməyi sevir."

İradə Qədirova dünyanı gəzib görmək, xalqların etnoqrafiyası ilə tanış olmaq, tanıtmaq adına 16 yaşında "Tarix" fakültəsini seçmiş, Tarixçi ixtisası üzrə təhsilini aldıqdan bir neçə il sonra fotoaparatı vasitəsilə dünya və Azərbaycanın kəşfinə çıxmışdır. Səyahət portfoliosunda bir neçə ölkələrə maraqlı səyahətlər, eyni zamanda Azərbaycanın ucqar dağ kəndləri, yerlərin tarixi, insanların məişətinin geniş təqdimatı yer almaqdadır.

Azərbaycan Dillər Universitetini ingilis dili ixtisası üzrə bitirib. İnsan resursları əməliyyatları üzrə menecer vəzifəsində çalışır. 2019-cu ildən turizm sahəsində səyahət blogeri kimi fəaliyyət göstərir. Gəzdiyi şəhərlər barədə ətraflı məlumatlar paylaşır.

Əslən rusdur, Bakı şəhərində anadan olub. Uşaqlıqda musiqi ilə məşğul olub, 7 il ərzində musiqi xor kollektivində çalışıb. 2017-ci ildə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakultəsini bitirib. Rus, Azərbaycan, ingilis və fars dillərini bilir. Universiteti bitirdikdən sonra müxtəlif sahələrdə işləyib, amma ən sevdiyi işi Azərbaycanın müxtəlif rayonlarını gəzib, onların maraqlı və gizlin tərəfini öyrənməkdir. 2015-ci ildən Bakı şəhərinin tərkedilmiş yerlərini gəzib, onların şəkillərini çəkməyə başlayıb. 2017-ci ildən etibarən isə gəzdiyi yerlərin tarixini araşdırmağa başlayıb. Beləliklə, 2019-cu ildə Bakı şəhərinin tarixi binaları üzrə müəllif marşrutu yazıb, həmin binalarda ekskursiyalar keçirməyə başlayıb. Hal-hazırda Abşeron daxili və Azərbaycanın bir çox regionlarına turlar və ekskursiyalar təşkil edir.

İncəsənət Universitetində ssenaristlik üzrə təhsil alıb. Jurnalist və televiziya aparıcısıdır. Həmçinin bir çox verilişlərin müəllifidir. Yeni mövsümdən "Bəlkə..." adlı səyahət verilişi ilə dünyanın və ölkəmizin maraqlı, bilinməyən yerlərini tamaşaçılara təqdim edir. Səyahətsevərlik arzusunu son 1 ildə həyat fəlsəfəsinə çevirib və instagramda bu mövzuda yeni profilində (yeganecansail_) məlumatlar paylaşır.

30 yaşı var. Sumqayıt Dövlət Universitetin Kimya Fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. Hal-hazırda özəl neft şirkətlərinin birində Struktur Dizayn Mühəndisi vəzifəsində çalışır. Boş vaxtlarını, demək olar bütünlüklə ölkə xarici səyahətlərə ayırır. Həyatını səyahətsiz təsəvvür edə bilmir, səyahət artıq bir növ həyat tərzinə çevrilib. Aktiv olaraq səyahətə 2015 ci ildən Almaniya və ABŞ-a səfərlə başlayıb, bu günə qədər 25 ölkə və 60 dən çox şəhərdə olub. Gəzib gördüyü ölkələrdən ən sevdiyi, ABŞ, Birləşmiş Krallıq və Skandinav ölkələridir. "MR.BAGHIRZADA" adlı İnstagram səhifəsində mütəmadi olaraq mil kartları, ucuz aviabiletlər, ekonom səyahət planları haqqında məlumatlar yerləşdirir.

Mirsəməd Cəfərli "Turne" vasitəsi ilə dünyanın müxtəlif ölkələrini, gəzməli-görməli şəhərlərini tamaşaçılara göstərən, uzaq elləri bizə yaxın edən sətahətçidir. Tele-məkanda səyahət proqramları ilə tanınan və sevilən Mirsəməd 23 ildir ki, jurnalistika sahəsində çalışır. Onu ilk olaraq, 1997-ci ildə “Space” TV-də “Xəbərlər”in aparıcısı kimi tanıdıq. Uzun müddət tamaşaçıları xəbər aparıcısı kimi salamlayıb. Sonralar müxtəlif kanallarda müəllif proqramları ilə qonağımız olub. Bir səyahətçi kimi isə “Turne”, daha sonra “Çox gəzən bilər” proqramları ilə səyahətsevərləri dünyanın müxtəlif ölkələrinə virtual səyahətə aparıb. Hazırda “Space” tv-də çalışır.

Fərid Novruzinin adı hər birinizə tanışdır: “Novco” Şirkətlər Qrupunun (“MyBrands”) təsisçisi və prezidenti kimi, Azərbaycan Memarlıq və İnşaat Universitenin məzunu, arxitektor kimi, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti kimi, alpinist kimi ... Bütün bunlardan başqa isə, “180 gün Dünya ətrafında” layihəsindən yaxşı tanıdığımız bir səyyah kimi... Fərid Novruzi 6 ay ərzində təyyarədən istifadə etmədən, yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40-dan çox ölkəsinə səyahətə başlasa da, bütün dünyanı cənginə alan pandemiya nəticəsində bu səyahətini yarıda dayandırmağa məcbur olaraq 2 ay boyunca açıq dənizdə qalmışdı.

Ayşən Vaqifzadə ‘Your money will return, your time will not’ sözlərini həyat devizinə çevirərək dünyanı və Azərbaycanı kəşfə çıxıb. Hələ qətt edəcək yolunun çox olduğunu düşünür. Son vaxtlar turlar təşkil etməyə də başlayıb.

Füzulidə doğulub. Hələ kiçik yaşlarından Şuşadan, Çıdır düzündən xatirə qalan şəkillərinə baxaraq bir gün o yerlərə səyahət arzususu ilə böyüyüb. İxtisasca mühasibdir.?Səyahət ən sevdiyi məşğuliyyətlərdəndir. Almaniya, İtaliya, Gürcüstan kimi ölkələrdə biznes forumlarda iştirak edib. Sırf səyahət məqsədi ilə isə Türkiyənin müxtəlif şəhərlərində və Gürcüstanda dəfələrlə olub. Səyahət siyahısında İsveçrə, Avstriya, Yunanıstan, Rusiya və Azərbaycanın demək olar ki, hər bölgəsi var. Pandemiya Baliyə olan səfərinə mane olsa da, yaxın vaxtlarda bunu reallaşdırmağı düşünür.

Bakı Slavyan Universitetini bitirib. Universitet illərində qəzetlərdə jurnalist kimi fəaliyyət göstərib. Səyahət etməyi və gəzdiyi, gördüyü maraqlı yerləri insanlara göstərməyi, tanıtmağı sevən bir səyahət blogeridir. Həmçinin o, peşakar yazıçıdır. Bir neçə povest və hekayələrin müəllifidir. İlk kitabı bu yaxınlarda işıq üzü görəcək.

Səyahətçi olmaqla yanaşı, peşəkar hüquqşünas, həm də gənc yazıçı kimi fəaliyyət göstərir. Dünyanı kəşfə ilk öncə doğma Azərbaycan və qonşu ölkələrlə başlayıb. Yaxın Şərq və Avropa ölkələrinin bir neçəsini də gəzdikdən sonra hüquq-mühafizə orqanlarındakı 10 illik fəaliyyətinə şəxsi istəyi ilə son qoyaraq içindəki səyahət eşqinin arxasınca getməyə qərar verib. 2016-cı ildən səyahət bloggeri kimi fəaliyyət göstərir. Marağını daha çox şərq ölkələri çəkir. Bundan sonrakı səyahətlərində də daha çox şərq ölkələrini gəzərək, həmin yerlərdə gördüklərini qələmə alıb, ölkələrin tarixini, mədəniyyətini yazaraq səyyah-yazıçı kimi fəaliyyətini davam etdirməkdədir.

İxtisasca pedaqoq olsa da, heç zaman bu sahə üzrə çalışmayıb. 2013-cü ildən turizm şirkətlərində fəaliyyət göstərir. Hazırda özü travel rəhbəridir. 20-dən çox ölkə, 40-dan çox şəhərdə olub. Devizi bütün dünyanı gəzməkdir. Pandemiya dövründə isə Azərbaycanı qarış-qarış gəzib. As_travelhistory səhifəsində getdiyi yerlərdın paylaşımlar edir.

Volverhempton Universitetində Beynəlxalq Biznesin İdarəedilməsi fakültəsini bitirib. Hazırda Azərbaycanda Böyük Britaniyanın Viza və Pasport Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Bələdçi işi onun üçün sadəcə hobbi deyil, ona xoşbəxtlik bəxş edən bir şeydir. Xatırladığı qədər, asudə vaxtını keçirmək üçün ən maraqlı format səyahətlər, ekskursiyalar və doğma Bakının tanış olmayan ərazilərində gəzintilər idi. Dostları ona Bakışünas deyirlər, onlara elə gəlir ki, o, hər şeyi bilir, hətta bəzən şəhər haqqında heç kimin bilmədiklərini də bilir.