Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri İsmayıllı rayonunun Basqal qəsəbəsində olublar. 3 min ilə yaxın yaşı olan qəsəbənin  adı  “qala qur”, ”qala ucalt”, ”baş qala” mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli Basil tayfa  birləşməsini yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot  “Tarix” kitabında onları “buslar” adlandırmışdı. Təbrizlilərlə basqallıların danışıq ləhcələrinin bir-birinə çox oxşarlığı var.

“Basqal Resort & Spa” otelinin dəvəti ilə bölgə turu ötən həftəsonu baş tutub.

Dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər. Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq və ya “RAST”ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar.

“KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. Otelin qonaqları “HAZE Club & Karaoke Lounge”da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.

“NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, massaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.

“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.

Səyahətçilər “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsas görməli yerlərini gəzməyə nail olublar. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə həmin kompleks sufi xanəgahı olub.

Blogerlər iki günlük səfərin hekayələrini minlərlə abunəçiyə yayımlayıb, bununla da populyarlıq və turist cəlbediciliyini artırıblar.