Fevralın 9 Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri Rüstəm Nəbizadə, İradə Qədirova və Leyla Həsənzadə AirArabia şirkətinin Regional Baş Meneceri Nikolas Kehdi və Air Arabia şirkətinin Azərbaycan üzrə Regional Meneceri Zöhrab Əliyev arasında görüş keçirilib.

Görüşün məqsədi hava nəqliyyatı bazarının imkanları, yeni istiqamətlərə turist tələbatını və blogerləri cəlb etməklə turist axınının artırılmasını müzakirədən ibarət olub.

Zöhrab Əliyev bildirib ki, hazırda hava nəqliyyatının inkişafı, o cümlədən, turistlər üçün rahat, maraqlı və təhlükəsiz mühitin yaradılması istiqamətində mühüm işlər görülür. Aviaşirkətin nümayəndələri öz növbəsində, regionda Air Arabia reyslərinin satış dinamikasının yaxşı olduğunu qeyd ediblər. Şirkətin təklif etdiyi tariflərin tələbatlı və uyğun olduğunu, Azərbaycan bazarının Air Arabia üçün çox perspektivli olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Air Arabia baş ofisi Şarjada yerləşən aviaşirkətdir və Birləşmiş Ərəb Əmirliklərindən (Şarja hava limanı) Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə sərnişindaşıma bazarında fəaliyyət göstərir. Aviaşirkət Yaxın Şərq və Şimali Afrikada ilk aşağı büdcəli aviaşirkətdir və dünyanın 170 şəhərinə uçuşları həyata keçirir.

Air Arabia Şri-Lankanı Azərbaycanda yeni turizm destinasiyası kimi tanıtmaq üçün genişmiqyaslı PR kampaniyaları, görüşlər və tədbirlər keçirib və hazırda bu tendensiya davam edir.

Aviaşirkətin marşrut şəbəkəsinə iki yeni əhəmiyyətli istiqamət Tayland və Malayziya əlavə edilib. Bu istiqamətlərin populyarlığı aviaşirkətin əməkdaşlarının gərgin əməyi sayəsində azərbaycanlı turistlər arasında artmaqda davam edir.

Görüş zamanı assosiasiya üzvləri həmçinin aviaşirkətə uçuşların coğrafiyasının genişləndirilməsi məsələsini tövsiyə edib və müsbət qərarlar qəbul olunarsa, assosiasiyanın bu istiqamətlərin populyarlaşmasına dəstək göstərəcəyini təsdiqləyiblər.

AirArabia aviaşirkətinin nümayəndələri isə hər iki ölkə arasında uçuşların daha da inkişaf etdirilməsində, blogerlərlə sıx əməkdaşlıqda maraqlı olduqlarını təsdiqləyib və yeni layihələrin həyata keçirilməsində lazımi köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar.