Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair turizm marşrutu təşkil olunub.

Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun, media nümayəndələrinin, turizm sənayesi nümayəndələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirə Azərbaycan Turizm Bloggerləri Assosiasiyası da dəvət olunub.

Müvafiq turizm marşurutuna dəvət olunan assosiasiyanın mətbuat katibi Abdulla Quliyev, üzvlər Emil Abdullayev, Kəmalə İsayeva və Seymur Əliyev tərtib olunan proqram əsasında qonaqlarla birgə öncə Naxçıvan şəhərində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Daha sonra Naxçıvan Dövlət Milli Dram Teatrında (1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə bu binada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir) Heydər Əliyev irsinə həsr olunmuş marşrutun media və turizm sənayesi nümayəndələrinə rəsmi təqdimat mərasimi keçirilib.

25 və 26 dekabr tarixlərində təşkil edilən turizm marşurutunda Naxçıvan şəhərindəki memarlıq abidələri, şəhərin mədəni irsi və Naxçıvan mətbəxi ilə tanışlıq həyata keçirilib.

Bundan başqa “Azərbaycan İncisi” kimi şöhrət qazanmış, orta əsr memarlığını qoruyub saxlayan və özünəxas mətbəxi ilə yerli və xarici turistlərin marağını cəlb edən Ordubad şəhərinə gəzinti təşkil edilib.