Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri Şəki Destinasiya Menecmenti Təşkilatının dəvəti ilə Şəki, Qax, Zaqatala üzrə sağlam turizm və ekoturizm layihəsinin icrasında iştirak ediblər.

Səfər boyunca blogerlər Hotel Küngütün, rodon vannaları ilə məşhur “Uludağ” istirahət mərkəzinin qonağı olublar.

Səyahətçilər Şəkinin Baş Küngüt kəndində 9 xanıma iş imkanı yaradan çörəkçi Həqiqət xalanın, Qaxın Ləkit kəndində qonaq evi işlədən Bəsti xanımın, birlik yaradaraq kənddə şirniyyat evi açan “Yasəmin” Qadın İnkişaf və Müəssisə qrupunun qonağı olublar.

ATBA üzvləri Şəkinin Kiş kəndində yerləşən “Kiş adası” atçılıq təsərrüfatında at çapmağı öyrənərək, atla “Gələrsən, görərsən” qalasına yollanıblar.

Şəki deyiləndə ağla ilk olaraq kəlağayılar da gəlir. Blogerlər “Kəlağayıçı Ziya” emalatxanasında kəlağayının hazırlanma prosesi ilə bağlı master klassda da iştirak ediblər.

Blogerlər Qaxın Ləkit kəndindəki Mamırlı şəlaləyə, “7 kilsə monastr kompleksi”nə, Dairəvi məbədə, işlək vəziyyətdə olan köhnə dəyirmana və təndirə də baş çəkiblər.

Qonaqlar Layihənin son günü Zaqatalada Qazangül qəsəbəsində yerləşən çay plantasiyası və zavodu ilə tanış olub, çayın yığım və emalı prosesini izləyiblər.