Tanınmış səyyah, səyahət verilişlərinin aparıcısı, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribin “Oralar parti” adlı ilk kitabının təqdimat və imza mərasimi keçirilib. “Cinema Plus”da baş tutan tədbirə qatılan səyahətsevərlər səyyah-yazarın “Oralar” barədə təəssüratlarını dinləyiblər.

Azər Qərib oxucularla görüşündə “kitab” və “yazıçı” sözlərinin onun üçün həmişə müqəddəs olduğunu deyib: “Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideynlərim gözlərimin zəifləyəcəyindən narahat olub vaxt məhdudiyyəti qoyurdular. Mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum. Balaca fənərim vardı, hərdən satqınlıq edib işığı məni ifşa edirdi”.

“Oralar parti”nin müəllifi Azər Qərib çıxışında illərdir onu izləyən tamaşaçılarına və oxucularına təşəkkürünü də bildirib: “Bu, sadəcə başıma gələn və qələmə aldığım yumoristik hadisələrdir, oxuyun, üzünüz gülsün. Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma hətta bir neçə oxucunun dodaqlarına təbəssüm qonsa, mən özümü xoşbəxt hiss edərəm”.

Qeyd edək ki, Azər Qəribin “Oralar” telelayihəsi artıq 20 yaşındadır.

Azər Qəribin İdarə Heyətinin sədri olduğu Azərbaycan Turizm Blogerleri Assosiasiyası isə 2020-ci ilin 5 oktyabrında rəsmi olaraq qeydə alınıb. Səyahət blogerlərini, yazarlarını bir çətir ətrafında toplayan assosiasiya qısa müddətdə turizm sektorunda öz sözünü deməyi bacarıb.

Assosasiya Azərbaycanın turizm potensialının dünyada tanıdılmasını, müxtəlif ölkələrdən olan turistlərin Azərbaycana səyahətini təşviq etməyi qarşısına məqsəd qoyub. Həmçinin azərbaycanlıların da xarici ölkələrə səyahətləri ilə bağlı öz tövsiyə və yardımlarını təklif edir.