ÜZV OL

Türk Hava Yollarının təşkilati dəstəyi ilə Litvaya sağlamlıq və istirahət səfəri

📅 27 noyabr 2025  •  ⏱ 5 dəqiqəlik oxu  •  🏷 Xəbərlər

 

27 noyabr 2025-ci il tarixdə İradə Qədirova Türk Hava Yolları və Litva Respublikasında fəaliyyət göstərən sanatoriyaların Azərbaycandakı rəsmi nümayəndəsi Alde Tour şirkətinin təşkilati dəstəyi ilə Litvanın Vilnüs şəhərinə, oradan isə təbii mineral sular mərkəzi kimi tanınan Druskininkai şəhərinə səfər edib. Uçuşlar Turkish Airlines tərəfindən Bakı–İstanbul–Vilnüs marşrutu üzrə və geri istiqamətdə həyata keçirilib.

Tranzit uçuşlarda sərnişinləri ən çox narahat edən məsələlərdən biri reyslərarası gözləmə müddəti olsa da, bu səfərdə vaxtların olduqca uyğun seçilməsi sayəsində komfortlu yolçuluq mümkün olub – iki uçuş arasındakı fasilə qısa müddətli olub.

Həm Bakı–İstanbul, həm də İstanbul–Vilnüs uçuşları zamanı İradə Qədirova biznes sinif sərnişini kimi səyahət edib. Bu onun ilk belə təcrübəsi olub və digər hava yolları ilə müqayisə apardıqda nəticə hər zamankı kimi Turkish Airlines-in xeyrinə olub. Üzü gülər və səmimi təyyarə heyəti, bortda yüksək sürətli internet, olduqca dadlı və zəngin menyu, eləcə də rahat oturacaqlar səfəri unudulmaz edib.

İki uçuş arasındakı vaxt ərzində İstanbul Yeni Havalimanında Turkish Airlines Business Lounge xidmətlərindən istifadə olunub. Bu məkan sanki ayrıca bir dünya təsiri bağışlayıb. Gözləyən səyahətçilər üçün daim yenilənən və çoxçeşidli ləzzətli yeməklər, geniş seçimli sərin içkilər, türk çayı, müxtəlif növ qəhvələr, istirahət zonaları və gülərüz personal Business Lounge-a doğma ev ab-havası qazandırıb.

Bu komfortlu məkanda gözləmə müddəti başa çatdıqdan sonra yüksək əhval-ruhiyyə ilə yeni ölkə, yeni şəhər və yeni gözəlliklərə doğru yol alınıb. İstanbul–Vilnüs uçuşu 3 saat davam edib və biznes sinfin üstünlükləri sayəsində bu zaman sanki 10 dəqiqə kimi keçib.

Litvada ilk dayanacaq əsas hədəf olan Druskininkai şəhərciyi olub. Təbii mineralları ilə məşhur olan və adının tərcüməsi “duzçular” mənasını verən Druskininkaidə İradə Qədirova Eglės sanatoriyasının qonağı olub. Burada qalınan müddətdə müxtəlif prosedurlar qəbul edilib: oksigen müalicəsi, oksigen kokteylləri, mineral stream terapiyası, mineral sularla vannalar, quru masaj və s.

Sanatoriya ziyarətçilərə 60-dan çox prosedur, qapalı müalicəvi hovuzlar, həkim müayinəsi və həkim nəzarəti altında fizioterapiya xidmətləri təqdim edir. Tozağacı ağaclarının əhatəsində yerləşən bu məkanda həm ruhən, həm də fiziki olaraq dincəlmək mümkündür. Məhz bu xüsusiyyətlər Druskininkaini əvəzsiz edən amillərdən sayılır. Üstəlik, şəhərcik cari ildə Litvanın mədəniyyət paytaxtı seçilib.

Səfərin son günündə Vilnüs şəhəri ziyarət olunub. Burada Avropanın ən gözəl Milad bazarlarından biri gəzilib, qədim şəhərin ən gözəl tarixi hotellərindən birində qonaqlanaraq Baltikyanı bu tarixi şəhərin özünəməxsus ab-havası tam şəkildə hiss edilib.

Yenilənmiş ruh və şəfa tapmış bədənlə rahat uçuşla Vətənə, ailənin yanına geri dönülüb. İradə Qədirovanın fikrincə, gələcəkdə bu istiqamət sağlamlıq turizmi baxımından yeni marşrutlar axtaran, müasir dünyanın aparıcı tendensiyalarından olan “retreat” terapiyalarına maraq göstərən gənclər arasında geniş yayılacaq. Çünki həm əlverişli uçuş bağlantıları, həm də ölkə və istiqamətin təklif etdiyi müasir imkanlar buna tam şərait yaradır.