Rila monastırı, Bolqarıstan

Rila monastırı, Bolqarıstan


Rila Bolqarıstanda dağ, çay və milli qoruq adıdır. Eyni zamanda Rila öz “adını” həmin qoruq ətrafında IX-X əsrdə tikilmiş kişi monastırına da vermişdir. Sofiyadan iki saatlıq məsafədə olan Rila dağlar və yaşıllıq içindədir. Bu isə füsunkar bir mənzərəyə səbəb olmaqla insanı inanılmaz hava ilə müjdələyir. Üfüqlərdə dağların başı və ara-sıra qaralan buludlar görsənirdi. Hələ monastır binasından kənardakı çayla, yaşıllıqla tanış olmamışdıq. Orada necə bir gözəlliyin olmasından xəbərim yox idi. O an sadəcə təmiz havanı doyunca içimə çəkmək istəyirdim. Belə hava olar?!😍

Sonra yavaş-yavaş nəzərimi təbiətdən memariyə yönəltdim. Bilmirsən Şərq idi, ya elə Qərb. Ana mərkəz kilsə tikilisinin kənarı 200 otaqlı tikili ilə əhatə olunub və bir anlıq insan özünü Dəməşqin orta əsr karvansaraylarında hiss etməyə başlayır.

O karvansaray təzahürü ilə yanaşı monastırın ilk olaraq xarici naxışları diqqət çəkir. Rəngləri, işləmələri tam bir Şərqin ənənəvi gözəlliyində idi. Artıq içəri keçdikdə divarların, tavanın “İncil”dən mövzularla işləndiyini görə bilirsən. Lakin burada da onlar qabarıq ikona təsviri kimi yox, rəsm əsəri kimi diqqət çəkirdi. Elə bilirsən bir rəsm qalereyasıdır. Bura mənə Şarm əl-Şeyxdəki kopt kilsəsinin daxili təsvirlərini xatırlatdı.

Bütün ab-havanın zirvəsi isə üst gümbəz yanındakı pəncərələrdən işığın düşmə anı oldu. Artıq o an nə içəridəki insanları, nə mühiti hiss etməyə başlamışdım. O iki pəncərədən düşən işıq bütün həqiqətin Özü oldu mənim üçün…