ÜZV OL

Dünyanın ən gözəl çimərliyini tapmışam!

📅 23 fevral 2026  •  ⏱ 4 dəqiqəlik oxu  •  🏷 Bloqlar

Mən onlarla çimərliyi olan ölkələrdə – Maldivlər, Tailand, İndoneziya, Avropa ölkələri, Türkiyə… və s. ölkələrdə olmuşam, amma beləsini görməmişdim – əminliklə dünyanın ən gözəl çimərliyi adlandıra bilərəm Karib sahillərini!

Yolumuz ABŞ-a idi, yeni ili Nyu Yorkda keçirmək qərarına gəlmişdik. Nə də olsa, dillərə dastan yeni illəri var, reallıqda elədirmi? Dəqiq deyə bilmərəm, gərək görüb özünüz qərar verəsiniz. “Time Square”də 31 dekabr səhər açılmamış gözlənilməli olan növbə, oradakı şəraitsizlik və s… Çətindir, ona görə vaz keçdik bu plandan və Nyu Yorkda evimizdə qarşıladıq yeni ili. Nyu York özü ayrı bir əfsanədir, yeni il ilə bağlı olmasa da, şəhərin özü haqqında əminliklə deyə bilərəm ki, görməyə dəyər. Filmlərin, oyunların içində hiss edəcəksiniz özünüzü, xüsusilə də uşaqlıq illəriniz Nyu Yorkda çəkilmiş filmlərlə, oynadığınız oyunlarla keçibsə. ABŞ haqqında ayrı post yazacam təəssüratlarımla bağlı.

Daha sonra Niaqara şəlaləsini görməyə yol aldıq. Gecə avtobusu ilə uzun bir yol getdik və çatdıq məşhur Niaqara şəlaləsinə. Bir ABŞ tərəfdən baxdıq şəlaləyə, bir də dedik keçək Kanada tərəfdən baxaq və keçdik. Möhtəşəm idi! Hələ yay aylarında təsəvvür etmirəm gözəlliyini, mütləq səyahət planımın içində olacaq yayda Niaqaranı yenidən görmək.

Gələk ən əsas məsələ, mənim bu postu yazmaq səbəbimə. Dünyanın ən gözəl çimərliyinə! Bilirdim gözəldir, amma bu qədər də təsəvvür etmirdim.

Ümumiyyətlə amerikalı və kanadalı turistlərin çoxunun qışda soyuqdan qaçmaq üçün seçdiyi ən birinci yer – Meksikadır. Niyə Meksika? Məncə yeməyi, təbiəti, çimərlikləri əsas səbəbdir.

Bir neçə günümüzü Meridada keçirdikdən sonra, üz tutduq Meksikanın Cancun şəhərinə. Cancun şəhəri Karib dənizinin sahillərində yerləşir. Firuzəyi rəngli suyu, ağ qumlu sahilləri, ilboyu davam edən günəşli havası buranı regionun ən məşhur destinasiyasına çevirib.

Cancun lüks infrastruktura sahibdir, burada da all-inclusive konseptli hotellər çox məşhurdur. Amma o hotellərə girişə icazə yalnız qonaqlara verilir, kənardan heç bir şəxs hotelin heç bir xidmətindən istifadə edə bilməz.

Cancunun restoranları, gecə həyatı sadəcə möhtəşəmdir! Qiymətlər digər şəhərlərə görə bir az yüksək olsa da, turistik bölgə olduğu üçün anlaşılandır.

Xidmət sektoru yüksək səviyyədədir. Meksikalı insanlar istiqanlıdır, əylənməyi bacarırlar.

Playa Delfies, Playa Chac Mool, Mujeres adası (Isla Mujeres) – burada görəcəyiniz çimərliklər o qədər gözəldir ki, insan saatlarla çimərlikdə istirahət etsə yorulmaz.

Həm də bilirsiniz nəyi bəyəndim? Çimərliklər hamısı ictimaiyyətə açıqdır. Heç lüks hotellərin belə çimərliyi şəxsiləşdirməyə icazəsi yoxdur. Hamısı, hər kəs üçün açıq və pulsuzdur.

Qalan fikirlərimi şəkillərdə göstərim, siz isə suallarınızı yazın və məni də instagramda izləməyi unutmayın @renatmajidov

50 ölkə sayımı bu il 60-a çatdıracam, hələ görməli olduğunuz çox yerləri göstərəcəm sizə.