Doha səfəri – Renat Məcidov

Doha səfəri – Renat Məcidov


Son illərin ən məşhur olan tur istiqamətlərindən biri Doha yenə tur mövsümünə start verib.
İlk öncə bu turların ucuz olma səbəbi haqda qısa bir məlumat verim sizə. Bu turlar bir şirkət tərəfindən Azalın çarter reysləri ilə həftədə 2 dəfə həyata keçirilir. Yayda olan Antalya turları kimi. Amma əsla valideynlərinizi bu tura tək göndərməyin. Çünki bura Antalya deyil, hər şey otellərdə cəmləşməyib. Özünüz də səyahətdə təcrübəli deyilsinizsə, sizə də məsləhət görməzdim ki, tək gedəsiniz bu tura. Gəzmək, axtarmaq, araşdırmaq lazım olacaq. Tur isə yalnız bilet, hotel və transferdən ibarət deyil. Təcrübəli deyilsinizsə, məsləhət görərdim ki, qrup turuna qoşularaq gedəsiniz bu tura.
Qeyd edim ki, bu yazım tək tur-paketlə Dohaya gedənlər üçün deyil, özü planlayıb gedənlər üçün də uyğundur.
Tur-paketə daxil olan uçuşda Dohada hotelinizə gecə saatlarında çatırsınız. Hava limanı şəhər mərkəzinə cəmi 10 dəqiqə məsafədə yerləşir. Hava limanından çıxış da xeyli vaxt alır uzun növbəyə görə, Dohanın hava limanı dünyanın ən böyük hava limanlarından və “hub”larından biridir, unutmayın. İlk gecə edəcəyiniz çox bir şey yoxdur, amma Souq Waqif adlı mərkəzi meydanda çıxıb gəzə, yemək yeyə bilərsiniz həmin gün.
Əgər səyahətiniz cümə gününə təsadüf edəcəksə xatırladım ki, günün ilk yarısında demək olar hər yer bağlı olur. Günün ilk hissəsini hotelinizdə hovuz varsa, orada dəyərləndirə bilərsiniz. Cümə namazı bitdikdən sonra, 14:00-da artıq hər yer açılmağa başlayır.
Dohada sanki saat qurşağını səhv seçiblar. Saat 17:00 radələrində hava qaralır artıq. Bəlkə də bunu məhsuldar iş rejimi üçün ediblər, deyə bilmərəm. Hava daha tez qaralsın və insanlar axşamı doya-doya yaşasınlar. Yoxsa gün işığında işləmək çox çətin olardı. Maraqlıdır ki, Dohada BƏƏ və Səudiyyə Ərəbistanına nisbətdə bürkü daha az idi. İsti olsa da, boğucu deyildi.
Qətər çox kiçik ölkədir, Azərbaycandan demək olar 8 dəfə kiçik. Buna baxmayaraq Doha özü elə də kiçik şəhər deyil və şəhərin hər bir bölgəsində görməyə dəyər yerlər var.
Dohada körfəz ölkələrində çox da rastlaşmadığım bir şeylə rastlaşdım, küçədə pişiklər var idi. Doha bu mənada fərqli daha fərqli bir təsir bağışladı.
Ərəb dünyasının bütün mətbəxlərinin restoranlarını tapa bilərsiniz Dohada. Restoranlarda qiymətlər çox da yüksək deyil, elə Bakı ilə orta-seqment restoranla bərabər qiymətlər idi demək olar.
Şəhəri metro və taksi ilə gəzə bilərsiniz. 1 günlük metro kartı 6 QAR (3 AZN), taksi isə Bakı ilə eyni qiymət idi.
Doha Dubayla müqayisə olunacaq bir şəhərdir, ümumilikdə isə Dubaydan daha çox səmimi təsir bağışlayan şəhərdir. Dubayda dəfərlərlə olmuşam, Dohaya isə daha əvvəl çox qısa bir səfərim olmuşdu, ətraflı görə bilməmişdim şəhəri. Amma bundan sonra bu iki şəhər arasında seçim etməli olsam, heç düşünmədən Dohanı seçərdim. Ən azından böyük yaşıl parkları, daha doğma təsir bağışlayan küçələri var idi. Dubayı Dohada görmək istəsəniz “West Bay”ı da gəzə bilərsiniz.
Sonda bir daha qeyd etmək istərdim ki, Dohanı plansız qətiyyən gəzib, deyilən sözlərə də inanmayın. Doha heç də sıxıcı və heç nə olmayan bir şəhər deyil. Əksinə, doğru plan ilə çox gözəl bir yeri kəşf etmiş olacaqsınız.



Teqlər: doha, qatar