
Özbəkistan təəssüratları – Renat Məcidov
Özbəkistanda ilk dəfə uşaq yaşlarımda olmuşam, çox bulanıq xatırlayırdım Daşkənd şəhərini, yeganə xatırladığım isə çox yaşıl olması idi.
Bu gün Özbəkistan çox dəyişib, tarixiliyi qalıb, eyni anda isə investisiyalar cəlb etməklə sürətlə inkişaf edir. Bunu turist axınından da hiss etmək mümkündür.
Gələk 1 həftəlik Özbəkistan səfərimin xülasəsinə.
Azalın birbaşa Bakı-Səmərqənd uçuşu ilə cəmi 2 saata çatdıq tarixi Səmərqənd şəhərinə. Sərhədkeçmə prosesi çox rahatdır, bunu niyə vurğulayıram? Çünki qonşu ölkələr olan Qazaxıstan və Rusiyada çox sorğu-sual edirlər vətəndaşlarımızı, burada isə heç bir sual vermədən “Xush kelibsiz” deyib yola salırlar sizi. Cümlə çox tanışdır, hə? Bu mövzuya da qayıdacam.
Hava limanı çox səliqəli və yenidir. Mərkəzə cəmi 20 dəqiqədə taksi ilə gedə bilərsiniz, Yango geniş istifadə edilir, qiymətləri isə çox ucuzdur. Taksilərin demək olar hamısı “qaz” ilə işləyir və ən bahalı sinfi belə çağırsanız, həmişə “Chevrolet” gələcək sizi aparmağa – məntiqlidir, nə də olsa yerli istehsaldır.
Özbəkistan bəlkə də nadir ölkələrdəndir ki, bizi çox gözəl başa düşürlər, Türkiyədəkindən fərqli olaraq. Hətta azərbaycanca danışmağa cəhd edirlər. Azərbaycanlılara qarşı çox yaxşı münasibətləri var, azərbaycanlı olduğunuzu bildikdə, Nəsibə Abdullayevanın mahnılarına qulaq qonağı edəcəklər sizi, bu sürücüdən asılı olaraq bəzən Üzeyir Mehdizadə də ola bilər. 

Səmərqənd çox gözəl şəhərdir. Tarix qoxur şəhər, Gur-i Əmir türbəsində Əmir Teymurun qəbrini görmək də çox təsirli idi, axı onun qəhramanlıqlarını təhsilimiz boyu eşidərək böyümüşük. Nəhəng, Özbəkistana özəl naxışlarla bəzədilmiş abidələr sizi valeh edəcək.
Heç 1 çaynik çayın 1 manatdan daha ucuz olduğu yer ağlınıza gətirə bilirsiniz? Bəli, bu Özbəkistanda mümkündür, haqqında bəhs etdiyim isə künc-bucaqda olan kafelər yox, məhz turistik mərkəzlərdə yerləşən “Choyxona”lar idi – bəli, onlar restoranları məhz belə adlandırırlar.
Restoranlar da çox ucuzdur, Bakıdan 2 dəfə ucuz deyərdim hətta. Ümumiyyətlə Özbəkistanda pis kabab yemədik, kabablar çox dadlı idi, sevənlər üçün əsl cənnət. Məşhur “özbək aşı” dadmaq üçün isə “oshxona”lara gedə bilərsiniz ki, bu yerlərdə yalnız aş verilir. Səmərqənd aşı bildiyimiz özbək aşından bir az fərqlidir, daha az tərkib hissələrindən istifadə olunur, bildirçin yumurtası ilə təqdim olunur adətən. Dadı haqqında çox söz deməyəcəm – zövq məsələsidir. Amma ümumi təsvir etməli olsam bunları deyərdim – düyüsü daha bərk, çoxlu yağların qarşığı olan və pambıq yağının bəzən kəskin qoxusu. Özbəkistanın əsas “milli məhsul”udur pambıq yağı, kərə yağı isə demək olar heç harada tapa bilməzsiniz.
Geyim-keçim isə brend almaq istəsəniz bizdən çox fərqli deyil qiymətləri, bir az ucuz ola bilər, amma yerli bazarlarda qiymətlər əladır, şəkil çəkdirmək üçün isə idealdır bu paltarlar! Bazar mədəniyyəti bizimkinə çox yaxındır, bazarları gəzmək xüsusi zövq verir. Quru meyvələr almağı unutmayın, çox dadlı və ucuzdurlar! Qiymət endirməyə hər zaman ürəkli olun.
Səmərqəndə 1 tam gün gəzməyə, 1 tam gün isə alış-verişə ayırmaq kifayət edəcək ki, səfərinizi buna uyğun planlaşdırasınız.
Növbəti şəhərimiz Buxara idi, Buxara isə gəzdiyimiz 3 şəhərdən ən gözəli oldu mənim üçün. Buxara bir az daha “bahalı” təəssüratı bağışlasa da digər şəhərlərlə müqayisədə, ümumilikdə isə münasib idi burada da qiymətlər.
Buxara da tarixi zəngin yerdir, “Bolo Hauz” məscidi ən bəyəndiyim yer oldu. Şəhər mərkəzində axşamlar canlı musiqi, rəqs şouları olur ki, əsl mədəniyyətlə yaxından tanış olasınız.
Buxaranın restoranları da çox gözəl və autentikdir. “Zolotaya Buhara” məsləhət görəcəyim restoranlardan biridir.
Növbəti və son şəhərimiz, paytaxt Daşkənd idi. Daşkənddə deyim ki, xüsusi görməli bir yer var, əslində yox. Amma metrostansiyalarını bir-bir gəzməyə dəyər. Hər stansiya bir muzeydir elə bil. Daşkənd təbii olaraq daha müasir şəhərdir, çeşidli hotel seçimləri, hər büdcəyə uyğun restoranları ilə sizi valeh edəcək.
Elə Daşkənddən də Bakıya, birbaşa Azalla geri döndük, cəmi 3 saatdan da az müddətdə.
Özbəkistan haqqında yekun fikrim – insanları bizə qarşı çox doğma, qiymətləri münasib, tarix qoxulu. İnsanlar danışanda onları başa düşmək həm maraqlı, həm də çox səmimi və duyğulu bir hiss bağışladı mənə. Yenə gedərəmmi? Gedərəm – Fərqanə, Xivə, Ürgənc şəhərlərini də görmək istəyərəm. Gülərüzlə “Xush gelibsiz” sözünü bir daha eşitmək üçün gedərəm.