“Ankarada nə var?” deyilən Ankara
Ankara. Bir çoxlarının “Ankarada nə var?” dedikləri Ankaradan danışacam bu dəfə də. Nə az, nə çox, 5-7 günlük planlaşdırdığım Ankarada 10 gün qalmalı oldum. Səbəbi isə sonda, xüsusilə Tayland vizası almaq istəyənlər üçün olacaq.
İlk öncə Ankaranın əslində heç də maraqsız bir yer olmadığını demək istəyərdim. Lakin bu şəhərin yol mədəniyyəti insanı dəli edir. Türkiyənin digər bölgələri kimi, burada da avtomobillər piyadaların üstünə çıxmağa can atırlar. Avtomobili qırmızı işıqda sürən kim, piyada keçidinə əhəmiyyət verməyən kim… Maraqlısı isə odur ki, bunu görən yol polisləri belə müdaxilə etmirlər. Bu vəziyyətlə barışmış kimidirlər.
Ankara İstanbula nisbətən daha ucuz şəhərdir. Taksi qiymətlərində də bunu hiss etmək olur. Lakin taksi sürücüsü azərbaycanlı olduğunuzu bildikdə, “sizin diliniz ərəb dilidir?” kimi bisavad suallarla da qarşılaşmağa hazır olun.
Ankarada Türkiyənin başqa şəhərlərində olmayan xüsusi restoran növünə rast gəldim, “ASPAVA” adlanır. Mənası isə “Allah Sağlık, Para, Afiyet Versin, Amin” demək imiş. Gülməli səslənə bilər, amma bu restoranı xüsusi edən bir adət var. Sifariş verdiyiniz yeməyi gözləyənə qədər masanızı çiy köftə, salat, turşu kimi qidaları sizin masanıza limitsiz sayda təqdim edirlər. Hələ sonda verilən dondurma, halva, çayı demirəm. Əlbət ki, sifariş verəcəyiniz yeməyin qiymətində də bunu nəzərə almış olarlar.
Ankaraya gedərkən ağlımda 2 yeri xüsusilə səyahət etmək fikrim var idi. Sözsüz ki, bunlardan biri Türkiyənin banisi Atatürkün məzarı olan “Anıtkabir” abidəsidir. Burada yerləşən muzeydə həm də Türkiyənin keçmiş olduğu yollarla tanış ola bilərsiniz. Muzeyə giriş ödənişsizdir. Muzeydə çoxlu vizuallar da diqqətinizi cəlb edəcək. Həmçinin Anıtkabiri qoruyan qarovul dəstəsinin xüsusi intervaldan bir dəyişimini də şahid ola bilərsiniz.
Azərbaycan Respublikasının yaradılışında böyük iştirakı olmuş M.Ə.Rəsulzadənin qəbrini də sözsüz ki, ziyarət etməmək olmazdı. Lakin gözləntim və reallıq arasında çox böyük fərq var idi. Qəbir, xüsusi olmayan qəbirstanlıqda, sadəcə solmuş bayraqların asıldığı bir qəbir idi. Daha diqqətəlayiq bir məzarlığını görməyi gözləyirdim dahi şəxsiyyətin.
Görməli olduğunuz yerlərdən biri isə “Ankara kalesi”dir. Buradan bütün şəhəri seyr edə bilərsiniz. Məhz burada anladım ki, Ankara heç də düşündüyüm qədər kiçik şəhər deyilmiş, sən demə Ankara Bakıdan nə az, nə çox, 10 dəfə böyük imiş.
Ankaranın gecə həyatı da sakit keçmir. Xüsusilə “pavyon”ları ilə məşhurdur bu şəhər, lakin getmədiyim üçün bu barədə ətraflı məlumat verə bilməyəcəm təəssüf. Lakin Baheçli 7. Cadde, Tunalı caddesi, Hamamönü, Kızılay meydanı kimi yerlərdə gəzə, istirahət edə bilərsiniz. Təhlükəsizlik baxımına gəldikdə isə ciddi bir təhlükə hiss etmədim bu şəhərdə.
Ankara 4-5 gündə gəzib bitirə biləcəyiniz bir yerdir. Amma yaxınlıqda səyahət edə biləcəyiniz çox gözəl bir şəhər daha var – Eskişehir. YHT (Yüksek Hızlı Tren) sürət qatarı ilə 1,5 saata gedə bilərsiniz bu şəhərə. Şəhər Amsterdamı, Colmarı xatırladır. Şəhərin iki yerə bölən “Porsuk” çayının üzərində olan körpülərdə də çox gözəl şəkillər çəkdirə bilərsiniz. Bu şəhərə getsəniz, “balaban” kababının dadına baxmağı unutmayın. Mənə görə indiyə qədər yediyim ən dadlı türk kababıdır.
YHT ilə bağlı bir məlumat verim, pasportum səfirlikdə olduğu üçün şəxsiyyət vəsiqəsilə bilet almağın mümkünlüyü barədə məlumat əldə edəndə, mümkün olmadığını bildirdilər. “Ölkəyə bununla giriş edə bilirik, amma ölkədaxili qatardan istifadə edə bilmirik?” sualına isə, sadəcə “bəli” cavabını versələr də, ikinci gün gəlib sual vermədən sadəcə vəsiqəmə təqdim etməklə bilet almağın mümkün olduğunu öyrəndim. Yaxınlıqda gedə biləcəyiniz şəhərlərdən biri də Konyadır, lakin təəssüf vaxt baxımından gedə bilmədim. Bu şəhər mətbəxinə və Mövlana tədbirlərinə görə də Türkiyənin ən önəmli şəhərlərindən biridir.
Son günlərdən birində isə dostlarımın dəvətilə xalq musiqilərimizin də ifa edildiyi bir tədbirə qoşuldum. Türk ifaçıların mükəmməl olmayan tələffüzü ilə, lakin cəhdlərinin təqdirəlayiq olduğu musiqi axşamına da şahid oldum.