Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri dekabrın 29-da Şuşaya səfər ediblər.

Səyahət blogerləri erməni işğalından azad olunan Şuşanı qarış-qarış gəzərək qala-şəhərlə tanış olublar. Onlar “Yuxarı Gövhərağa” Məscidinə, Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə baş çəkiblər.

Şuşa Qalası da ATBA üzvlərinin baş çəkdiyi yerlərdən olub.

Blogerlər “Güllələnmiş heykəlləri” də ziyarət ediblər. Qeyd edək ki, Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli yenidən Şuşadadır.  İllərdir, “Güllələnmiş heykəllər” adlandırılan və Bakıda İncəsənət Muzeyinin həyətində nümayiş etdirilən Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.