28 yaşı var. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisasında bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb. Dövlət qulluqçusudur. Boş vaxtlarını demək olar ki, tamamilə səyahətə ayırır, səyahət etmək onu ən çox xoşbəxt edən məşğuliyyətlərdəndir. Aktiv olaraq səyahətə 2017-ci ildə İtaliya turu ilə başlayıb, bu günə qədər 34 ölkə və 80-dən çox şəhərdə olub. Ən çox sevdiyi ölkə İtaliya və İspaniyadır. Növbəti illərdə Cənubi Amerika və Afrika ölkərinə səyahətlər planlayır. Ölkəmizin bir çox rayonlarını, təbii qoruqlarını, dağlarını və s. gəzib. Təbiətə aktiv yürüyüş etmək, kamp qurmaq, ölkəmizin hündür dağ zirvələrinə qalxmaq onun üçün əvəzsiz istirahət növlərindəndir.

7 ilə yaxındır ki, aktiv şəkildə səyahət edən Ülkər İsmayılzadə yolda öyrəndiklərini, sərfəli şəkildə səyahətin qaydalarını, vizaların alınması üçün olan şərtləri və son 2 ildə də Pandemiya zamanı təkcə Azərbaycanda deyil, ölkədən kənarda da səyahət qaydalarını ulkarstravelblog səhifəsində izləyiciləri ilə bölüşür. Magistr təhsilini Çexiyada alıb, 2 il orda yaşadıqdan sonra vətənə qayıdan Ülkər hal-hazırda viza mütəxəssisi kimi fəaliyyət göstərməsi ilə yanaşı, ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətinə də davam edir.

Həm xarici, həm daxili turizm sahəsində 6 ilə yaxın təcrübəsi var. Əsas məqsədi Azərbaycanın az tanınan amma böyük turizm potensialı olan yerləri tanıtmaqdır. O, Azərbaycanın ən tanınmış ustaları ilə müxtəlif milli mövzularda masterclass-lar təşkil edir. Azərbaycanın milli və mədəni irsi, ənənələri, həmçinin ən gözəl guşələri haqqında ingilis dilində bir sıra məqalələri dərc olunub.

ADPU-nun filologiya (İnglis dili) fakültəsinin bakalavrı Sevil İsmayılova “Olimpiya” və “Formula 1” yarışlarında işləyərək təcrübə qazanıb. Hazırda fərdi olaraq tur operator kimi fəaliyyət göstərir, xarici turistlərə bələdçilik və tərcüməçilik xidmətləri göstərir. Sevil üçün səyahət bir meditasiyadır. Bunun üçün dünya səyahətini qarşısına məqsəd qoyub və tezliklə bu məqsədini reallaşdırmağa hazırlaşır.

Peşəsi texniki həllər üzrə mühəndis olan Kəmalənin ən böyük hobbisi fotoqraflıqdır. Elə bu həvəsi də 2020-cu ilin sonlarından instagramda açıq kütləyə çıxmasına səbəb olmuşdur. Məqsədi gedib gördüyü yerləri çəkib insanlara çatdırmaqdır.

24 ölkəyə səyahət edib, 20 ölkədə Azərbaycanı müxtəlif beynəlxalq layihələrdə təmsil edib. 2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetini turizm və otelçilik ixtisası üzrə bitirib. 4 ildən çoxdur ki, sosial sahibkar kimi fəaliyyət göstərir. Sosial sahibkarlıq üzrə təlimçi olaraq Azərbaycan və 5 ölkədə 8000-dən çox insana təlimlər keçirib və Azərbaycanda ilk dəfə bu sahə üzrə ödənişli təlim proqramları həyata keçirdib. Azərbaycan dilində sosial sahibkarlıq mövzusu üzrə yazılan ilk kitab olan “Toxum” kitabının həmmüəllifidir. 3 ilə yaxındır sosial sahibkarlıq, turizm, beynəlxalq imkanlar mövzuları üzrə İnstaqramda @sara.rajabli adlı bloqu idarə edir.

Türkiyənin ən tanınmış universitetlərindən olan Yıldız Teknik Universiteti məzunudur və hal-hazırda rəqəmsal marketinq mütəxəssisi olaraq çalışır. Yolda olmaq onun üçün azadlıqdır. Bu səbəbdən səyahət etməyi, yeni insanlar tanımağı çox sevir. Dünyanın fərqli rəng çalarlarını kəşf edən Şəbnəm öyrəndikləri ilə də izləyicilərinin həyatına kiçik toxunuşlar edir.

Bakı Dövlət Universitetində Amerikaşunaslıq üzrə bakalavr təhsilini başa vurduqdan sonra “Avropa Könüllülük Korpusu” proqramında iştirak edərək 1 il İtalyada yaşayıb. İtalyanı şimaldan cənuba qədər qarış-qarış gəzərək ölkənin dil və mədəniyyətini dərindən öyrənib. Həmçinin başqa Avropa ölkələrinə də ‘solo’ səyahətlər edib. “AİESEC” təşkilatının liderlik proqramında iştirak edərək 3 ay müddətində Misirdə yaşayıb və bu müddət ərzində yerli uşaqlara ingilis dili dərsləri tədris edib. Hazırda Bakıda yaşayır və rəqəmsal marketinq mütəxəssisi olaraq çalışır. İnstagram bloqunda şəxsi inkişaf və səyahətlərdən bəhs edir.

Azərbaycan Dillər Universitetini ingilis dili ixtisası üzrə bitirib. İnsan resursları əməliyyatları üzrə menecer vəzifəsində çalışır. 2019-cu ildən turizm sahəsində səyahət blogeri kimi fəaliyyət göstərir. Gəzdiyi şəhərlər barədə ətraflı məlumatlar paylaşır.

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq, magistr təhsilini isə Britaniyaşünaslıq ixtisası üzrə almışdır. AMEA-nın Tarix İnstitutunun doktorantıdır. ADU-nun Regionşünaslıq kafedrasının baş müəllimidir. Həm dövlət orqanlarında, həm də özəl şirkətlərdə beynəlxalq əməkdaşlıq sahəsində çalışıb. Səyahət etmək hobbisidir. 2008-ci ildən təhsil və işi ilə bağlı səyahətə başlamışdır. 34 ölkə, 3 qitə, 100-dən çox şəhərdə olmuşdur. Son 7 ildə büdcəli səyahətlər planlayaraq aktiv səyahət edir. 2018-ci ildə səyahətlərdə qazandığı təcürübələrini paylaşmaq üçün instaqram üzərindən "Seyahetsever" adlı səhifəsini yaratmışdır. Səhifəsində büdcəli səyahətin yolları, müxtəlif şəhərlərdə gəziləcək yerlər, viza proseduru, səyahət planlaması, faydalı tətbiqlər və s. haqqında məlumatları izləyiciləri ilə bölüşür. Təbiəti, dağları çox sevdiyi üçün tez-tez hiking, təbiət yürüşləri edir. Eyni zamanda ölkəmizin fərqli bölgələrinə səyahət edərək, yerli insanlar, adət-ənənələr, qalınacaq yerlər haqqında məlumatlar paylaşır.

Əslən rusdur, Bakı şəhərində anadan olub. Uşaqlıqda musiqi ilə məşğul olub, 7 il ərzində musiqi xor kollektivində çalışıb. 2017-ci ildə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakultəsini bitirib. Rus, Azərbaycan, ingilis və fars dillərini bilir. Universiteti bitirdikdən sonra müxtəlif sahələrdə işləyib, amma ən sevdiyi işi Azərbaycanın müxtəlif rayonlarını gəzib, onların maraqlı və gizlin tərəfini öyrənməkdir. 2015-ci ildən Bakı şəhərinin tərkedilmiş yerlərini gəzib, onların şəkillərini çəkməyə başlayıb. 2017-ci ildən etibarən isə gəzdiyi yerlərin tarixini araşdırmağa başlayıb. Beləliklə, 2019-cu ildə Bakı şəhərinin tarixi binaları üzrə müəllif marşrutu yazıb, həmin binalarda ekskursiyalar keçirməyə başlayıb. Hal-hazırda Abşeron daxili və Azərbaycanın bir çox regionlarına turlar və ekskursiyalar təşkil edir.

İnstagramda səyahət-gəzintilər/ yaşam tərzi/ faydalı məlumat kontenti ilə rəngli paylaşımlar və öz təcrübələrini bölüşən 25 yaşlı Rəna Səlimova İstanbulda magistr təhsilini tamamlayıb. Türkiyədə yaşadığı dövrlərdə İstanbulu və bu ölkənin fərqli-fərqli region və bölgələrini yoldaşı ilə birgə gəzməyə başlayır və beləliklə, bloqu yaradır. Həmin ərəfələrdə Şimali Makedoniya, Albaniya, Ukrayna, təkrarən Gürcüstan, Misir kimi ölkələrə də səfərləri baş tutur. Pandemiya zamanı isə daha çox daxili turizmə yönəlib.

İncəsənət Universitetində ssenaristlik üzrə təhsil alıb. Jurnalist və televiziya aparıcısıdır. Həmçinin bir çox verilişlərin müəllifidir. Yeni mövsümdən "Bəlkə..." adlı səyahət verilişi ilə dünyanın və ölkəmizin maraqlı, bilinməyən yerlərini tamaşaçılara təqdim edir. Səyahətsevərlik arzusunu son 1 ildə həyat fəlsəfəsinə çevirib və instagramda bu mövzuda yeni profilində (yeganecansail_) məlumatlar paylaşır.

30 yaşı var. Sumqayıt Dövlət Universitetin Kimya Fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. Hal-hazırda özəl neft şirkətlərinin birində Struktur Dizayn Mühəndisi vəzifəsində çalışır. Boş vaxtlarını, demək olar bütünlüklə ölkə xarici səyahətlərə ayırır. Həyatını səyahətsiz təsəvvür edə bilmir, səyahət artıq bir növ həyat tərzinə çevrilib. Aktiv olaraq səyahətə 2015 ci ildən Almaniya və ABŞ-a səfərlə başlayıb, bu günə qədər 25 ölkə və 60 dən çox şəhərdə olub. Gəzib gördüyü ölkələrdən ən sevdiyi, ABŞ, Birləşmiş Krallıq və Skandinav ölkələridir. "MR.BAGHIRZADA" adlı İnstagram səhifəsində mütəmadi olaraq mil kartları, ucuz aviabiletlər, ekonom səyahət planları haqqında məlumatlar yerləşdirir.

Ayşən Vaqifzadə ‘Your money will return, your time will not’ sözlərini həyat devizinə çevirərək dünyanı və Azərbaycanı kəşfə çıxıb. Hələ qətt edəcək yolunun çox olduğunu düşünür. Son vaxtlar turlar təşkil etməyə də başlayıb.

Füzulidə doğulub. Hələ kiçik yaşlarından Şuşadan, Çıdır düzündən xatirə qalan şəkillərinə baxaraq bir gün o yerlərə səyahət arzususu ilə böyüyüb. İxtisasca mühasibdir.?Səyahət ən sevdiyi məşğuliyyətlərdəndir. Almaniya, İtaliya, Gürcüstan kimi ölkələrdə biznes forumlarda iştirak edib. Sırf səyahət məqsədi ilə isə Türkiyənin müxtəlif şəhərlərində və Gürcüstanda dəfələrlə olub. Səyahət siyahısında İsveçrə, Avstriya, Yunanıstan, Rusiya və Azərbaycanın demək olar ki, hər bölgəsi var. Pandemiya Baliyə olan səfərinə mane olsa da, yaxın vaxtlarda bunu reallaşdırmağı düşünür.

Bakı Slavyan Universitetini bitirib. Universitet illərində qəzetlərdə jurnalist kimi fəaliyyət göstərib. Səyahət etməyi və gəzdiyi, gördüyü maraqlı yerləri insanlara göstərməyi, tanıtmağı sevən bir səyahət blogeridir. Həmçinin o, peşakar yazıçıdır. Bir neçə povest və hekayələrin müəllifidir. İlk kitabı bu yaxınlarda işıq üzü görəcək.

Hələ uşaqlıqdan dünyanı gəzmək arzusunda olub. Xaricə ilk səyahətinə qədim diyar Misirlə başlayıb. Bundan başqa, İtaliya, İspaniya, Portuqaliya kimi Avropa ölkələri də daxil olmaqla 10 ölkə, 40-dan çox şəhər gəzib. Səyahətçi olmaqla yanaşı, peşəkar hüquqşünas, həm də gənc yazar kimi fəaliyyət göstərir. Bundan sonrakı səyahət planlarında gəzdiyi hər ölkədə gördüklərini qələmə alaraq, həmin yerlərin tarixi, mədəniyyəti barədə yazaraq səyahətçi-yazar kimi fəaliyyətini davam etdirmək arzusundadır.

Ölkədən kənarda turizm məqsədi ilə heç zaman olmayan bir mühasib 2019-cu ildə 3 həftə ərzində 9 ölkəni plansız şəkildə, heç bir təcrübəsi olmadan səyahət etmək qərarına gəldi. Həmin vaxtdan sonra hər səfərini bir səyahət kimi dəyərləndirməyə çalışır. Pandemiya dövründə, sərhədlərin bağlı olduğu zaman belə səyahət etməyin yolunu tapır. 26-dan çox ölkəni gəzib və təəssüratlarını travel_by_note səhifəsində izləyiciləri ilə bölüşür.

İxtisasca pedaqoq olsa da, heç zaman bu sahə üzrə çalışmayıb. 2013-cü ildən turizm şirkətlərində fəaliyyət göstərir. Hazırda özü travel rəhbəridir. 20-dən çox ölkə, 40-dan çox şəhərdə olub. Devizi bütün dünyanı gəzməkdir. Pandemiya dövründə isə Azərbaycanı qarış-qarış gəzib. As_travelhistory səhifəsində getdiyi yerlərdın paylaşımlar edir.

Qafqaz Universitetində (indiki BMU) tərcüməçilik təhsili alıb, Bergamo Universitetində (İtaliya) turizm təhsili alır və Colorodo State University-də (ABŞ) Biznesin idarə edilməsi təhsili alıb (tələbə mübadilə proqramı ilə). Gedib_gorenler səhifəsində müxtəlif ölkələrə səyahət etmiş insanları və onların səyahət təəssüratlarını paylaşır. Turizm agentliyində çalışır, sosial və digər layihələr üzərində işləyir.

Volverhempton Universitetində Beynəlxalq Biznesin İdarəedilməsi fakültəsini bitirib. Hazırda Azərbaycanda Böyük Britaniyanın Viza və Pasport Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Bələdçi işi onun üçün sadəcə hobbi deyil, ona xoşbəxtlik bəxş edən bir şeydir. Xatırladığı qədər, asudə vaxtını keçirmək üçün ən maraqlı format səyahətlər, ekskursiyalar və doğma Bakının tanış olmayan ərazilərində gəzintilər idi. Dostları ona Bakışünas deyirlər, onlara elə gəlir ki, o, hər şeyi bilir, hətta bəzən şəhər haqqında heç kimin bilmədiklərini də bilir.