Azər Qərib

İdarə Heyətinin sədri

ATBA İdarə Heyətinin sədri, tanınmış səyyah və aparıcı Azər Qəribi isə 7-dən 77-yə, demək olar ki, tanımayan yoxdur. Onun hazırladığı "Qərib Azər" verilişi 9 mart 2003-cü ildə efirə çıxmış və düz 10 il fasiləsiz olaraq hər bazar günü yayımlanmışdır. Sosial şəbəkələrin, internetin belə populyar olmadığı illərdə “Oralar”ı bizə tanıdan, sevdirən şəxsdir Azər Qərib. Dünyanın 100-ə qədər ölkəsinə səyahət edib.

Fərid Novruzi

İdarə Heyətinin sədr müavini

ATBA İdarə Heyətinin sədr müavini Fərid Novruzinin adı hər birinizə tanışdır: “Novco” Şirkətlər Qrupunun (“MyBrands”) təsisçisi və prezidenti kimi, Azərbaycan Memarlıq və İnşaat Universitenin məzunu, arxitektor kimi, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti kimi, alpinist kimi ... Bütün bunlardan başqa isə, “180 gün Dünya ətrafında” layihəsindən yaxşı tanıdığımız bir səyyah kimi... Fərid Novruzi 6 ay ərzində təyyarədən istifadə etmədən, yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40-dan çox ölkəsinə səyahətə başlasa da, bütün dünyanı cənginə alan pandemiya nəticəsində bu səyahətini yarıda dayandırmağa məcbur olaraq 2 ay boyunca açıq dənizdə qalmışdı.

İradə Qədirova

İdarə heyətinin baş katibi

ATBA İdarə heyətinin baş katibi İradə Qədirova dünyanı gəzib görmək, xalqların etnoqrafiyası ilə tanış olmaq, tanıtmaq adına 16 yaşında "Tarix" fakültəsini seçmiş, Tarixçi ixtisası üzrə təhsilini aldıqdan bir neçə il sonra fotoaparatı vasitəsilə dünya və Azərbaycanın kəşfinə çıxmışdır. Səyahət portfoliosunda bir neçə ölkələrə maraqlı səyahətlər, eyni zamanda Azərbaycanın ucqar dağ kəndləri, yerlərin tarixi, insanların məişətinin geniş təqdimatı yer almaqdadır.

Rəna Kərimova

Rəna Kərimova indiyədək səyahət boğçasına 20-dən çox ölkə, 60-dan çox şəhər sığdırıb. Dünyanı gəzmək eşqinə düşməzdən əvvəl isə bölgələrimizi qarış-qarış gəzib və oxuculara tanıtdırmağa, sevdirməyə çalışıb. 8 il boyunca çalışdığı “Discovery Azerbaijan” adlı turizm jurnalının redaktoru olaraq Vətənimizin seyrinə çıxıb. Sosial şəbəkələrdə tanındığı adı - “Adama gəzmək qalır” sözlərini həyat prinsipinə çevirib. Hazırda bölgələrə turlar edərək, izləyicilərinə Azərbaycanın gəzməli yerlərini tanıdır. İndiyədək 20-dək tur keçirib.

Azər İsmayıl

Azər İsmayıl özünü səyahətsiz təsəvvür etmədiyini, “səyahət etmək istəyinin onun üçün “xəstəliyə” çevrildiyini deyir. ⠀ İlk dəfə 2010-cü ildən səyahət etməyə başlayan Azər İsmayıl bu 10 ildə həyatına 31-dən çox ölkəyə səyahət etməyi sığdırıb. ⠀ Üstəlik də yalnız səyahət etməklə kifayətlənməyib. Həm də gəzib-gördüklərini “Azər İsmayılın bloqu”nda səyahətsevərlərlə paylaşıb. ⠀ Ucuz biletləri necə əldə etmək olar, təhlükəsiz uçuş qaydaları, mil kartları, hava yolu şirkətləri ilə bağlı xəbərləri, bir sözlə səyahətə çıxmaq istəyənlər üçün hər cür informasiyanı Azər İsmayıldan öyrənmək olar.

Baba Ağayev

Turizm sahəsində tanınmış iş adamı və “Pickvisa.com”, “Vizam.az” startaplarının təsisçisi Baba Ağayevin adı da çoxlarınıza tanışdır. ⠀ Ölkədə sosial media üzərində yaradılan, qısa zamanda çox tanınan səyahət qruplarından biri olan “Gəzəyənlər”in də adminlərindən biridir. ⠀ Həm də həvəskar alpinistdir. 2021-ci il etibarı ilə 5 qitədə 60 ölkəni kəşf edib. Avropa, Asiya, Afrika, Avstraliya, Şimali və Cənubi Amerika qitə və materiklərinin ən hündür zirvə və vulkanlarında Azərbaycan bayrağını dalğalandırıb. ⠀ Hobbi olaraq numizmatik və bonistikdir.

Mirsəməd Cəfərli

Mirsəməd Cəfərli "Turne" vasitəsi ilə dünyanın müxtəlif ölkələrini, gəzməli-görməli şəhərlərini tamaşaçılara göstərən, uzaq elləri bizə yaxın edən sətahətçidir. Tele-məkanda səyahət proqramları ilə tanınan və sevilən Mirsəməd 23 ildir ki, jurnalistika sahəsində çalışır. Onu ilk olaraq, 1997-ci ildə “Space” TV-də “Xəbərlər”in aparıcısı kimi tanıdıq. Uzun müddət tamaşaçıları xəbər aparıcısı kimi salamlayıb. Sonralar müxtəlif kanallarda müəllif proqramları ilə qonağımız olub. Bir səyahətçi kimi isə “Turne”, daha sonra “Çox gəzən bilər” proqramları ilə səyahətsevərləri dünyanın müxtəlif ölkələrinə virtual səyahətə aparıb. Hazırda “Space” tv-də çalışır.

Aysel Əlizadə

Sosial şəbəkələrdən onu sərfəli səyahət məsləhətləri ilə, bitib-tükənmək bilməyən enerjisi ilə, bel çantası çiynində bu şəhərdən o şəhərə səyahət edərkən çox görmüsünüz. ⠀ Elə sosial şəbəkələrdə də özünə “backpack” adını seçən Aysel Əlizadə, həm də müxtəlif təhsil layihələri ilə bağlı maraqlı paylaşımları ilə diqqət çəkir. ⠀ Son 4 il ərzində 22 ölkə 45-dən çox şəhər gəzən Aysel Əlizadə, əsasən, gənclərimizin rahat şəkildə səyahət etməsi üçün gəzib kəşf etdiyi ölkələrə ən sərfəli səyahət yollarından danışır.

Vyaçeslav Sapunov

Tanınmış influser, jurnalist, bələdçidir. “Каспий” qəzetinin baş redaktorudur. Sapunov barədə Bakı haqqında hər bir şeyi bilən bələdçi də demək olar. Sapunov doğma Bakımızı dünyaya, xarici turistlərə yalnız məqalələri, paylaşımları ilə tanıtmır, həm də onlara bələdçilik edərək, turlar vasitəsilə paytaxtımızı qarış-qarış gəzdirir, turistlərə sevdirir.