Martın 1-də Azərbaycan Turizm Blogerləri Assosiasiyası ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası arasında post pandemiya dövründə daxili turizmin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə işgüzar görüş keçirilib.

Görüş çərçivəsində paytaxtda və regionlarda mövcud olan turizm istiqamətlərinin və turizm məhsullarının tanıdılması, keyfiyyətli turizm faəliyyətinin qurulması və ictimai birliklər arasında qarşılıqlı iş birliyinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib dünya turizminə böyük zərbə vuran COVİD-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb.

Assosiasiyanın post pandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacib olduğunu bildirib.

Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolunu yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev turizm şirkətləri ilə blogerlərin birgə fəaliyyətinin ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcəyini deyib.

Görüş çərçivəsində Azərbaycan Turizm Blogerləri Assosiasiyası ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair Memorandum imzalanıb.