Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) nümayəndələrinin Özbəkistan səfəri ilə bağlı çəkilən “1380 km Özbəkistan” filminin təqdimatı keçirilib.
Oktyabrın 30-da “Park Cinema”da baş tutan premyerada Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri, ATBA üzvləri və digər qonaqlar iştirak ediblər.
Özbəkistanın Azərbaycandakı Səfirliyi, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi və “Fly Khiva Group” aviaşirkətinin dəstəyi ilə çəkilən filmdə bu ilin may ayında turizm blogerlərinin Daşkənd, Səmərqənd, Mərğilan, Fərqanə, Ürgənc, Xivə, Buxara kimi şəhərlərə, eləcə də Riştan və Kokand kimi tarixi yerlərə səfərləri işıqlandırılıb.
Tədbiri giriş sözü ilə açan Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov belə layihələrin iki ölkə arasında əlaqələrin və turizm münasibətlərinin inkişafına töhfə verdiyini vurğulayıb.
“Özbəkistanın parlaq rəngləri” layihəsi çərçivəsində press-tura qatılan blogerlər, ATBA nümayəndələri İradə Qədirova, Rüstəm Nəbizadə, Elşən İsmayılov filmin ərsəyə gəlməsində dəstək olan şəxslərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “1380 km Özbəkistan” filminin
rejissoru Zaur Məmmədovdur. Filmdə Özbəkistanın turizm potensialı, gəzməli yerləri təqdim edilir.